Godfather (Xaç Atası) Filminin Orijinal Analizi

  


Kinematoqrafiyanın ən qalmaqallı, ən keyfiyyətli,
ən məşhur filmlərindən biri də The Godfather (Xaç Atası) filmidir. 2004-cü ilədək IMDb siyahısında 1-ci yerdə olan film hal-hazırda isə 2-ci yerdə qərarlaşır. Eyni zamanda ən yaxşı film seriyası ünvanını da əlində saxlayan filmi orijinal tərzdə analiz edək.



  Film 1972-ci ildə 11 nominasiyada Oskara namizəd olmuş, ən yaxşı film, ən yaxşı uyğunlaşdırılmış ssenari və ən yaxşı kişi baş rol kimi vacib 3 nominasiyada mükafata layiq oldu. Filmin rejissoru qazandığı 5 Oskarı da Godfather seriyasına görə alan Francis Ford Coppola idi.



 Əvvəlcə ssenari məşhur dollar seriyasının rejissoru Sergio Leone-a təklif edilmişdi. Lakin o ssenarinin həddən artıq mafiya tərkibli olmasına görə filmi çəkməkdən imtina etmiş sonra isə peşmançılığını açıqlamışdı. Əslində Coppola da ilk dəfə ssenariylə tanış olanda eyni reaksiyanı vermişdi, amma sonda filmi çəkməyi qəbul etdi.



  Ssenari məşhur amerikalı ssenarist Mario Puzo-ya məxsus idi və o da seriyanın 1-ci və 2-ci filmlərinə görə Oskarı almışdı. Puzo ssenarisinə görə ən çox Frank Sinatra tərəfindən tənqid olundu. Filmdəki Al Martinonun canlandırdığı Johnny Fontane, məşhur ifaçı idi və hamı bu personajın Sinatranı kopiyalamaq məqsədilə yazıldığını düşünürdü. Puzo bunu dəfələrlə inkar etsə də məclislərin birində Sinatra özünü cilovlaya bilmədi və yazıçının ünvanına təhqirlər söylədi, filmi qəbul etmədiyini bildirdi. Məhz buna görə Fontane personajının bir çox səhnələri filmdən kəsilmişdi.



  Filmin baş rolunda dahi aktyor Marlon Brando var idi. Brando, ən yaxşı baş rola görə Oskara layiq görülmüşdü. (Eyni zamanda Vito personajı 2 aktyora Oskar qazandıran yeganə personajdır – Brando və De Niro). Oskar mükafatlandırma mərasimində isə görülməmiş hadisə baş verdi. Brando mərasimə gəlməmişdi. Adı anons olunanda cavan bir qız səhnəyə çıxdı. O, hindu olduğunu və Mr. Brando-nun mükafatı almaqdan imtina etdiyini açıqladı. Səbəb isə ABŞ-da hindulara olan pis münasibət və tarixən baş vermiş kütləvi hindu qırğınlarına münasibət bildirmək idi. Brando, bu hərəkətiylə necə bir fenomen olduğunu hamıya yenə də göstərdi.

                    


  Ernest Borgnine, Orson Welles, George C. Scott kimi məşhurlar Vito Carleone rolu üçün Paramount Pictures tərəfindən Coppoloya məsləhət görülmüşdü. Rejissor isə bu rolda yalnız Brandonu görürdü.



 Brando, düşünürdü ki, Vitonun üzü Buldoqa bənzəməli idi. Ona görə də test çəkilişlərində ağzına pambıq qoyurdu. Filmin çəkilişlərində isə Brando ağzında xüsusi ağızlıqla oynayır. Hal hazırda həmin əşya American Museum of the Moving Image in Queens, New York`da sərgilənir.





  Köməkçi kişi rollarından əsasını isə Al Paçino ifa edirdi. Filmdə görünmə müddəti Brandodan daha çox olan aktyor, baş deyil köməkçi rol nominasiyasında namizəd kimi göstərilməsinə görə Akademiya mükafatını boykot etdi.


 Bu rol üçün prodüserlər Tommy Lee Jones-i məsləhət görmüşdülər, Coppola isə o vaxta qədər böyük bir uğuru olmayan təcrübəsiz Paçinoda qərar qıldı. 



Filmin çəkilişləri əsnasında da Paçino bu rol üçün istənmirdi. Nəhayət məşhur restorandakı qətl səhnəsi çəkiləndə artıq hamı aktyoru qəbul etmişdi.



  Film, İtaliyanın ən məşhur ailələrindən Carleone ailəsinin qarışıq və illeqal iş və ailə münasibətlərindən bəhs edir. Açılış səhnəsində ailə başçısı Vitonun xarizması bizə nümayiş etdirilir. Həmin səhnəyə paralel davam edən məşhur toy səhnəsi isə bir həftəyə çəkilmişdi və çəkilişlərdə nə az nə çox 750 epizodik rol ifaçısı iştirak etmişdi.



  Həmin səhnələrin birində Vitonun oğlu Sonny Carleone (James Caan) şəkil çəkmək istəyən jurnalistin aparatını sındırır. Həmin səhnə əslində real idi. Aparat həqiqətən sındırılmışdı və jurnalistin qorxusu süni deyildi.     


  
 Ümumiyyətlə filmin təsiri o qədər çox idi ki, göstərilməsindən bir müddət sonra Vito Carleone kimi danışan, onun kimi hərəkət edən illeqal insanlar peyda olmuşdu. FBI-ın sorğularında filmdəki sözləri təkrar edən bir çox quldurlar qeydə alınmışdı.



  Film sırf mafiya münasibətləri üzərində qurulsa da, hər üç bölümündə bir dəfə olsun `mafiya` sözü işlədilməmişdi. Onun yerinə Coppola `ailə` sözünü istifadə etməyi uyğun bilmişdi.



  Brando, filmin ilk səhnələrindən başlayaraq bir çox səhnəsində sözlərini yadına sala bilmirdi və ssenarini heç vaxt oxumamışdı. Hiss etdirməməyə çalışsalar da aktyor bəzi səhnələrdə sözlərini kiçik kartlardan oxuyurdu.



 Coppola bu vəziyyəti görüb 1979-cu ildə çəkəcəyi film olan Apocalyspe Now filmində ssenarini hamıdan əvvəl Brandoya oxutdurmuşdu.



  Filmdə Vitonun qızı Connie rolunu ifa edən Coppolanın bacısı Talia Shire idi. Coppola onun bu rol üçün həddən artıq gözəl olduğunu fikirləşirdi və qohumbazlıqla tənqid olunmaq istəmirdi. Yalnız Puzonun təkidindən sonra Coppola xanımı filmə çəkməyə razılaşdı.



  Filmin çəkilişlərindən əvvəl rejissor Al Paçino, James Caan, Diane KeatonRobert Duvall ilə öz evində qeyri-rəsmi test çəkilişləri apardı. Daha sonra kastinq üçün film şirkətinə 420.000 dollar pul xərclədən Coppola, sonda yenə də öz seçdiyi aktyorlarda qərar qıldı. Bu çəkilişlər zamanı gənc Sylvester Stallone də bir neçə rollar üçün müraciət etdi amma rədd edildi. Paçino, Keaton və Cann isə eyni məvacibi – 35.000 dollar aldılar.




  Diane Keaton ifası zamanı özünü Coppolanın həyat yoldaşı Eleanor Coppolaya oxşatdığını demişdi.



 Daha maraqlı məqam isə James Caanla bağlıdır. Aktyor əvvəlcə Tom Hagen (Duvall) rolu üçün düşünülürdü. Daha sonra Michael Carleone (Paçino) rolu üçün çəkilməsi planaşdırıldı. Nəhayət Coppola onu Sonny Carleone roluna çəkdi.



  Səhnələrin birində məşhur ifaçı Johnny Fontane (Matino) xaç atası Vitodan bir filmə çəkilmək istədiyini amma rejissorun onu istəmədiyini deyib kömək istəyir. Kömək edəcəyinə söz verən Vito, söhbətdən sonra Fontaneni öpür. Bu öpüş ssenaridə yazılmamışdı. Qısa müddət çaşbaş qalan Martino nə edəcəyini bilmir və az sonra ağlamağa başlayır.



  Vito rejissoru razı salmaq üçün vəkili Tom Hageni onun yanına göndərir. Vitoya məhəl qoymayan rejissor atının öldürülməsi ilə cəzalandırılır. Həmin səhnədə çarpayıdakı at başı həqiqidir. Həmin səhnəyə görə film, bir çox heyvan haqları müdafiəçisi tərəfindən sərt tənqid edilmişdi.



  Diqqətlə baxmış olanlar bilirlər ki, hansı səhnədə potağal görünürsə orda kimsə ölürdü.







 Bu səhnələrdən biri də Vitoya olan sui-qəsd səhnəsi idi. Daha sonra Michael (Paçino) gecə xəstəxanada tək qalan atasını qoruyur. Filmdən sonra Al Paçino demişdi ki, həmin səhnədə Brando həqiqətən ağlayırdı.



 Vitonun xəstəxanadan evə gətirildiyi səhnədə isə Brando zarafat məqsədilə xirəyinə ağırlıq əlavə etmişdi ki, onu pilləkəndən qaldıranda aktyorlar çətinlik çəksin.



  Çəkilişlər zamanı James Caan ilə Carlo rolunu ifa edən Gianni Russonun şəxsi zəmində mübahisələri var idi. Caan-ın Russonu döydüyü səhnə, inanmaq nə qədər çətin olsa da, real idi. Həmin səhnədən sonra Russonun 2 qabırğası qırılmış, dirsəyi çox pis əzilmişdi.



  Həmin səhnə ilə birlikdə filmdə oynayan Coppolanın qohumları diqqəti cəlb edir. Baxarkən görmədiyimiz Coppolanın qohumlarını xronoloji ardıcıllıqla qeyd edək:
1. Bacısı Talia Shire trio boyunca Connie Corleone-ni canlandırdı;



2. Anası Italia Coppola restorandakı görüşdə kənarda görünən müştərilərdən idi;



3. Atası Carmine Coppola Mattress-dəki səhnədə pianoda ifa edirdi və həmin mahnını özü bəstələmişdi;



4. Oğulları Gian-Carlo Coppola ve Roma Coppola Sonny-nin Carlo-nu döydüyü səhnədə ve dəfn səhnəsində epizodik görünürlər.




5. Və qızı Sofia Coppola finaldakı xaç suyuna batırılan uşaq idi (cəmi 3 həftəlik). Filmin 1990-cı ildə çəkilən 3-cü bölümündə isə əsas rollardan birini ifa edirdi.





  Çəkilişləri 62 gün davam edən filmin son səhnəsi əslində 2 kilisədə çəkilmişdi. İçəridəki çəkilişlər New York'dakı St Patrick qədim kasedralında, çöldəki çəkilişlər isə Hoş Plains Dağı ətəklərindəki Loretto kilisəsində çəkilmişdi.





  Kinematoqrafiyanın Tanrısı sayılan dahi Stanley Kubrick-in film üçün “Kino tarixinin ən yaxşı filmlərindən biridir” deməsi, bəlkə də filmin dəyərini bizə göstərən ən mühüm faktdır.

Blogger tarafından desteklenmektedir.