Mother! Filminin Analizi - Bardem Sizi Qorusun


Mother! - və ya simvolizasiyanın başa düşülən forması.

Bu ilin ən yaxşı filmi, XXI əsrin ən yaxşı filmlərindən biri.

Aronofsky-nin bütün filmlərini izləyən adam üçün üslubu bəllidir. Bu filmində o üslubu, o hissi sonuna qədər yaşadıq və əgər ən yaxşı Darren filmini soruşsanız Requiem for a Dream, Wrestler, Black Swan-ı gözümün qabağına gətirib onlara rəğmən Mother! deyə bilərəm. Bəli! Bu dərəcədədir film. İndi əvvəldən sona analiz edək.



Filmi izləmisinizsə bu yazı mütləq oxunmalıdır - yararlı olacağına inanıram. Filmi izləməmisiniz və spoylerə nifrət edənlərdənsinizsə elə indicə buranı tərk edib saytdakı digər postlarımıza baxın. Amma filmə baxıb başa düşməməkdən qorxursunuzsa əmin olun bu yazını oxuyub baxsanız problem olmayacaq :) Başlayaq!

1-ci hissədə filmdə gördüklərimizdən, 2-ci hissədə isə əslində nəyin bizə göstərildiyindən danışaq. (Filmdə heç bir personajın adı deyilmədiyindən əvvəlcə obrazları aktyorların öz adları ilə, sonra yeni adları ilə yazacam).

1-ci hissə (gördüklərimiz):

Film müəmmalı Bardemin kristalı və sonrasında Jenniferin oyanması və sanki bədəninə fokuslanmağımızı istərcəsinə başlayır. Bardemin gəlişi və sakit ailə münasibətlərinin fonunda Bardemin isti münasibəti ilə bərabər soyuqluğunu hiss edirik.



Axşam qapı döyülür və Jennifer qorxur. Elə bil onların evinə heç vaxt heç kim gəlməmişdi. Ev özü də başlı başına bir aləmdir. Diqqətlə baxsanız evdən kənarda çəmənlik və ağaclardan başqa heç nə görünmür. Evdən çıxanlar necə və haraya gedirlər bu da anlaşılmaz qalır. Nəysə gələn Ed Harris olur. Bardem anlaşılmaz mehribanlıq Jennifer isə eyni dərəcədə narahatlıq göstərir. Ed məsuliyyətsiz, xəstə, hörmət göstərməyən və ən əsası tənha biridir.



Axşam Jennifer Edin qusduğunu görür. Başı unitazda olan Edin sağ qabırğasının yaralı olduğu görünür və Bardem əli ilə yaranı gizlədir. Filmin əvvəlində gördüyümüz açıqlaması gələcəkdə olmayan bu səhnə əslində nəyin səhnəciyini izlədiyimizə ilk real nümunədir. Məhz biz yaranı görəndən sonra Michelle Pfeiffer peyda olur.



Michelle xasiyyətcə Edə bənzəyir. Bardem və Jenniferdə gördüyümüz qüsursuzluq və məlahəti Ed və Michelle yerlə yeksan edir. Sanki oyadır bizi. Sanki bizə əsl insanı - reallığı göstərir. Utopiyadan uzaqlaşdırır.

Bardemin naməlum qonaqlara başa düşülməz mehribanlığı, Jenniferin narahatlığı bizi də narahat edir. Hətta Haneke-nin Funny Games-indəki hisləri yaşadır.



Michelle və Ed şuluqluq edir və Bardemin kristalı qırılır. Bu andan sonra filmin sirri artıq yavaş-yavaş açılır. Bardem dəliyə dönür. Jennifer qonaqları qovsa da onların sekslə məşğul olduqlarını görür - utanmazlıq və vecsizlik. Michelle-Ed cütlüyünün oğulları gəlir - Brian Gleeson və Domhnall Gleeson (həyatda da qardaşdırlar). Ailə davası başlayır. Jennifer çarəsiz nə edəcəyini bilmir. Birdən filmin o ana qədərki ən möhtəşəm kadrını görürük - Bardem ən yuxarı mərtəbədən qəzəblə aşağıdakı insanlara baxır. Niyə möhtəşəm olduğunu yazacam.



Böyük qardaş kiçiyi yaralayır və hamı onu xəstəxanaya aparır. Jennifer Bardemdən getməməsini istəsə də Bardem rəhmlidir, rəhmdildir. Jennifer evdə tək qalır və müəyyən qəribəliklərə şahid olur - evdə tunel tapır və s.



Sonra Bardem gəlir. Duş alıb yatır. Birdən evə adamlar doluşur. Yas məclisi qurulur. Ed və Michelle-in qohum, tanışları ön plana çəkilməsə də çox maraqlı fon yaradırlar. Onların içində bütün irqləri - avropoid, monqoloid və neqroidi görə bilərsiniz (bu məsələyə qayıdacam). Evdəki qonaqların müxtəlif özbaşınalıqlarına dişimizi sıxıb dözürük.



Sonra xoşbəxt ailə həyatı birdən-birə bərpa olur. Yad adamlar daha gəlmir. Hər şey əla! Bardemdə ilk dəfə Jenniferə qarşı cinsi maraq yaranır. Bu vaxta qədər Jenniferin bətnində nələrinsə baş verdiyi göstərilmişdi. Düzdür bu onun bətni olaraq dəqiqliklə göstərilməsə də başa düşmək çətin deyildi. Seks səhnəsi göstərilmir və bu məqam çox maraqlıdır. Səhər Jennifer əminliklə hamilə olduğunu deyir. Bardeminsə ilham pərisi oyanır. Yazmağa başlayır. Jenniferin bütün hamiləlik müddətində dayanmadan yazır və bir gün bitirir.

Jenniferin necə deyərlər qarnı burnundadır artıq. Kitabdan bir səhifə oxuyur və heyran qalır, inanılmaz olduğunu deyir. Hansı kitab insanı heyranlıqdan kövrəldəcək qədər mükəmməl ola bilər axı?!



Gözəl bir şam yeməyi süfrəsi hazırlayan Jennifer gözlənilməz qonaqları görür. Bu dəfə Ed və Michelle-in izi-tozu da yoxdu. Müxtəlif adamlar - zəncilər, cavanlar, qocalar və s. və s. - hamı! Hamı Bardemə vurulub. Ona aşiq olublar. Müsahibə almaq istəyənlər, ona toxunmaq istəyənlər, avtoqraf almaq istəyənlər - bu dərəcədə heyranlıq məhz o kitaba görə.

İnsanlar artır. Oğurluqlar başlayır. Müharibələr, ixtişaşlar, qarşıdurmalar başlayır. İyrənclik, özbaşınalıq, hörmətsizlik, baş alıb gedir. İmmiqrasiya problemini belə görə bilirik. Tanış gəlir bunlar? Artıq heç nəyi idarə etmək mümkün deyil. Xaos. Heç Bardem də görünmür. Filmin ən aksiyonlu, ən qırğın hissələrində Bardem qəti görünmür...



Jenniferin doğum vaxtı gələndə Bardem yenidən peyda olur. Onu öz qəribə, müəmmalı otağına aparır. Uşaq dünyaya gəlir. Artıq Jennifer də Bardemə inanmır. Uşağı ona vermək istəmir. Əgər camaatı qovsa ona inanacaq amma Bardem qova bilməz. Günlər keçir Jennifer yorulur. Bardem yorulmazdır, sarsılmazdır.

Jennifer oyanır və filmin ən dəhşətli hissəsini izləyirik. Bardem uşağı (oğlan) camaata təslim edir. O anlarda uşağa nə olduğunu başa düşmürük. Sanki qeybə çəkilir. Yox olur birdən birə. Heç birimiz öldüyünə və ya sağ olduğuna əmin ola bilmirik. Jennifer isə döyülür və onu xilas edən Bardem olur.



Jennifer ağlını itirir artıq. Qəzəblənir və yer yarılır. Alışqanı tapır və döşəməyə düşür. Evi yandırır - böyük partlayış! Partlayışdan sonra iki nəfər sağ qalır. Bardemə heç nə olmayıb. Jennifer isə yanıqlar içindədir. Jennifer ondan hara getdiklərini soruşur. "Başlanğıca". Bardem Jenniferin ürəyini çıxarır və o kristala çevirir. Final səhnəsi anlaşılmaz açılış səhnəsi olur və yenə o səhər o evdə yeni "Jennifer" oyanır.



2-ci hissə (əslində nə görürdük):

Bu hissədə elə ilk abzasdaca hər şeyi açıqlayıb sonra əsaslandıracam. Deməli, Javier Bardem tanrı idi. Jennifer Lawrence isə Bakirə Məryəm (həmçinin Yunan mifologiyasındakı Təbiət Ananı təmsil edirdi). Ed Harris Adəm, Michelle Pfeiffer isə Həvva idi. Onların böyük oğlu Domhnall Gleeson - Qabil, Brian Gleeson isə Habil idi. Bütün o hadisələrin baş verdiyi ev isə Yer Kürəmiz və ya Tanrının bizi idarə etdiyi yer. O yer ki, xarici aləmdən sanki təcrid olunub.


Filmdə də təbiət bir qadın obrazı kimi çıxış edərək tanrının eqosuna qarşı çıxır amma tanrı “yeni insanlara qapı açacağını” deyərək təbiətin “buranı cənnət etmək istəməsi” fikrinə qarşı gəlir. Bundan da əlavə Aronofskynin təbiəti həssas qadın, kişini isə eqoistin biri kimi verməsi dinlərdəki cinsi ayrı-seşkiliyə, qadın düşmənçiliyinə işarədir.



Qayıtdıq əvvələ...

Olduqca qəribə evdə oldu hər şey. Nə köhnə deyildi, nə təzə. Bəzi yerlər uçub-dağılırdı amma bəzi yerlər lap müasir idi. Çöldən görüntüsü də həmçinin. Jenniferin bədəninin hardasa dəqiqə yarım diqqət mərkəzində saxlanması çox güman ki, hədislərdə və mənbələrdə mükəmməl, qüsursuz kimi təsvir edilən Məryəmə Aronofsky-nin ilk işarəsi idi.



Filmlə birlikdə Bardemin tanrı üçün ən əla seçim olduğunu da anladıq. Sifət və bədən quruluşu, tərzi ilə. Nəysə. Film bəşəriyyətin ilk vaxtlarını, tanrının tənha hökmranlığını və qadını Məryəm ilə tənha həyatını səhnələşdirir əvvəlində. Sonra axşam qapı döyülür və Jennifer sanki bu ilk dəfə olurmuşcasına həyəcanlanır. Yad adam evə daxil olur. Edin ümumi göstəriciləri necə də tipik, ortalama insan göstəricilərinə yaxındır. Diqqətlə obrazı yenidən izləsəniz çox daha yaxşı başa düşəcəksiniz.



Ən böyük və demək olar ən yaxşı formalaşdırılmamış işarə ilə ilk əsas işarə idi. Ed unitaza qusurdu və sağ qabırğası yaralı idi. Həvvanın Adəmin qabırğasından yarandığı yəqin ki, hamımıza məlumdur. Bunu gizlədən isə tanrı idi. Sonradan Edin qusduğu qəribə şeyi görürük. Bu çox güman ki, Həvvanın ifraz olunması idi. Aronofsky bunu unitazda etməklə feminist temalı filmində nəyi başa salmaq istəyirdi demək çətindir.



Sonradan unitazdakı o qəribə ifrazatı görürük. Bunu daha sonra zirzəmidəki tunelin qapısında da görürük. Çox güman ki iblisi təmsil edir. Tunel bağlı olanda həbs olunmuş iblis Jenniferin tuneli açması ilə xilas olur və insanlar iyrəncləşir, hər şey məhv olur.

Sonra Michelle gəlir. Həvva. O, Ed ilə uyğunluğunu və bəzi incə məqamlarda onu yoldan çıxaranın özü olduğunu göstərir bizə. Adəm ilə Həvva əhvəlatları məlumdur. Həvva Məryəmi də yoldan çıxarmaq istəyir. Məryəmin qəbul edə bilmədiyi fikirlər deyir. Formalaşdırılmış bu qadın obrazı heç birimizə yad deyil. Adəm isə tanrı ilə çox mehribandır. Necə deyərlər aralarından su sızmır. 



Film boyu müxtəlif halusinasiyalar görən Jennifer sarı dərmanı mayədə həll edir və sarı məhlul içir. Bunu Charlotte Gilman-ın The Yellow Wallpaper qısa hekayəsinə Aronofskynin işarəsi kimi qiymətləndiririk. Orada ərinin davranışlarına görə dəliyə dönən qadın sarı eliksir qəbul edirdi.



Ev Yeri simvolizə edirdi. Döşəmə isə durmadan qanayırdı. Bu təbiətin qan ağlamasını, tükənməsini göstərə bilər. Ancaq zirzəmidə tunel var idi. Qaranlıq yola aparan bir tunel. O tunel ki, yanacaq çənləri ilə dolu və qaranlıq qorxulu idi. Bu cəhənnəmi simvolizə edir. Finalda Təbiət Ana məhz oradakı yanacaqla qiyaməti gətirir. Diqqət etsəniz tuneli ilk dəfə tapan Jennifer unitazda gördüyü o iyrənc şeyi burada qapıda da görür. Bu da iblisin həbs olunduğu yer sayıla bilər. Tanrı oranı gizlətmişdi amma sonunda cəhənnəmin də qapısı açıldı.

Qayıdaq hadisələrə. Adəm ilə Həvva tanrının kristalını sındırır. Tanrı buna çox qəzəblənir. Onları qovur. Bardemin əli ilə onlara çölü göstərməsi çox təsirli an idi. Bu tanrının onları fani dünyaya göndərərək cəzalandırması səhnəciyi idi. Adəmlə Həvva tanrıdan çəkinsə də Məryəmdən çəkinmirlər, hətta onu saymırlar. Tanrının ən qəzəbli anlarında Adəm ilə Həvva sekslə məşğul olur. Bu həyasızlıq insan xislətinin ən bariz nümumələrindən biridir bəlkə də.



Sonra Habil və Qabil gəlir və dava başlayır. Burada Bardemin ən yuxarı mərtəbədən aşağıya qəzəbli baxışı necə də əzəmətlə tanrının həyasız insana səmadan qəzəblə baxmasını simvollaşdırırdı! Necə olmalı idisə elə də olur və Qabil Habili öldürür.



Məryəm evdə (dünyada) tək qalır. Döşəmənin qanaması (təbiətin məhvi) onu narahat edir. Sonra aşağı düşür (çox güman ki, cəhənnəmə). Soba da məhz buradadır. Qəribə tuneli kəşf edir.

Tanrı qayıdır. Yorğundur. Habilin öldüyü xəbərini verir (bu çox uçuq bir misal ola bilər amma duş alıb yatan tanrının uzanmaq şəkli İsanın çarmıxa çəkilmiş məşhur görüntüsünə bənzəyir ya da mən bənzədirəm). Adəm və Həvva tanışları ilə gəlir. Burada ilk qrupda bir zənci görürük. Sonra gələn qrupda monqoloid də görünür. Digərləri sarışın, qaraşın və s. - hamısı müxtəlif tipdə və görünüş də insanlardır fikir versəniz. 2 insandan törəyən bəşəriyyət...



Maraqlı məqamlardan biri mərhumun anasının ilk sözü özünün deməsi və ya ərinə verməsi yox heç tam tanış da olmadığı Bardemə verməsidir. İlk çıxışı onun etməsi sizə də təəccüblü gəlmədi? O tanrı idi və filmdəki ən təsirli və mükəmməl monoqlardan birini dedi. Hamı da tanrının çıxışından təsirləndi.

Filmin əvvəlindən sonuna Jennifer (Təbiət Ana) evdə "şuluqluq" edən yadlara iradlar tutur - təbiəti insan zülmündən qorumaq istəyir. Nə qədər çarəsiz qalsa da və onu saymasalar da bundan əl çəkmir, mübarizəsini aparır. Ev yenidən boyanır, sökülür, dağıdılır. Bu hadisələrin fonunda maraqlısı isə zəncilərin özbaşınalıqda baş rolda kimi görünməsi idi. Aronofksy-ni irqçiliklə tənqid etmirəm amma yenidən baxanda siz də diqqət edin. Nəticədə isə Təbiət məğlub olur demək olar. Möhtəşəm ifadə olunmuşdu bu filmdə.



Hadisələrin cərəyan etdiyi ev yalnız bir səhnədə kənarda bütöv görünür. İlk baxışda nəyə bənzətmişdiniz evi? Aronofsky siyasi bir tövhə verib ya yox deyə bilmərəm amma evlə Ağ Ev arasında qəribə bənzərlik var. Dünyanı ABŞ idarə edir mesajı (?)



Əvvəldən Jenniferin gördüyü xəyallar anlaşılmazlığını qoruyur. Bunu İsanın formalaşması prosesi kimi qiymətləndirmək olar. Filmdə Tanrı-Məryəm seksini də görmürük. Bunu Məryəmin bakirəliyinin sübutu kimi qəsdən göstərmir Aronofsky çox güman ki.

Hamiləlik başlayan kimi Tanrı öz kitabını yazmağa başlayır. Başlaya bilmədiyi iş üçün ilham gəlir. İsanın gəlişi. Aylarla yazır. Sizcə hansı kitabı? Filmdə bunu göstərən işarələr tapmasam da dindar xristian olan Aronofsky-nin çox güman ki, İncilə işarə verdiyini başa düşmək olar. Amma kitabın az səhifəli olması sual işarələri doğurur yenə də.

Kitab çapına publisher (yayımçı) tapan tanrı çox sevinir. Bu isə doğuma artıq çox az vaxt qalanda baş verir. Tanrı peyğəmbərini tapır və o görüntüsü film boyu ən xoşbəxt görüntüsüdür.

Və xaos. Sizə elə bir qısa film məsləhət görə bilmərəm ki, bir neçə dəqiqədə dünyada baş verən hər şeyi göstərsin. Darren bunu etdi. Məryəmin hazırladığı şam yeməyi süfrəsindən sona qədər rejissor riskli səhnələrə yer verdi və CinemaScore-dan F rated aldı. Yenə də sadəcə möhtəşəm idi. Evdə yatmaq istəyən yaşlı qoca yadınızdadır yəqin ki. Jennifer ona "Bu ev sizin deyil, burada yata bilməzsiniz" deyir. Qoca isə gülərək "Bu ev hamımızındır, ümumidir" deyir. Hər şeyi izah edən çox əla səhnə və dialoq idi.



Evdəki qırğın prosesində müxtəlif qruplaşmalar və etiqadları da görürük. Hərə bir tərəfdə öz qruplaşmasını yaradır. İnsanların robot kimi kimlərinsə yanına getməsi və üzlərinə boya çəkilərək xoşbəxt şəkildə göndərilməsi isə dinlərə sataşmaq idi. Dinlərin mənasızlığı və sadəcə insanlara itaət etdirmək üçün vasitə olduğu səhnələşdirilmişdi.



Aronofsky feminist tərzini içində yalnız qadınlar olan, tellərlə bağlanmış, açıq-aşkar həbsxana effekti yaradan yerdə də göstərir. Bu qadın azadlığının məhdudlaşdırılmasına tənqid idi.



Xaos səhnələrində birdən peyda olan publisist Kristen Wiig obrazı Aranofskynin xoş sürprizi idi (başına torba keçirilmiş insanları öldürən qadın). Kristen çox güman ki, mələk Əzraili təmsil edirdi. Darren bu rol üçün dami komediya filmlərində oynamış, bu rol üçün ən son düşünüləcəklərdən olan Oskar namizədi aktrisanı seçmişdi.

İsanın doğumunun əzəməti, doğulduqdan sonra Tanrı-Məryəm dialoqları. Yeyilmiş alma, digər meyvələr və gilələnmiş üzümlər. Tanrının peyğəmbərini insanlara göndərməsi və onun qeybə çəkilməsi. Ölümünün və ya sağ olmasının müəmması. Hamısı mükəmməl quruluşda idi.

Və qiyamət. Qiyaməti gətirənin Jennifer olduğunu görürük - Təbiət Ana. Bütün bu iyrəncliyə dözə bilməyən Təbiət Ana. Buradakı mesaj yəqin ki, "öz sonunuzu özünüz gətirdiniz" olacaq.



Tanrı Məryəmin ürəyini alır və oyuncağı ilə yeni oyuna yeni "Məryəm"-lə başlayır...

Mən bunları anladım filmdən. Fərqli fikirləriniz mənim üçün çox maraqlıdır, bizdən əsirgəməyin :)

Yazını bura qədər oxuduğunuza görə Bardem sizi qorusun!
Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa