The Killing of a Sacred Deer - Müqəddəs Maralın Ölümü. Bir Yunan Əsatiri


  Başlamazdan əvvəl filmi izləməyənlər üçün
HD keyfiyyətdə ingilis dilində (türkcə subtitle ilə) keçidi yerləşdirirəm.




  Çox az filmi həyəcanlanaraq izləyirəm və düşünürəm ki, mütləq bu filmin analizi saytda olmalıdı. Yorgos Lanthimos bu filmi ilə bilmədiyimiz bir çox yönünü göstərdi, beynimizi yordu və simvolikanı daha mükəmməl necə istifadə etmək olar nümayiş etdirdi. Rejissorun dünya miqyasında tanınmasında böyük rolu olan Dogtooth filminin analizinə keçid qoyub, Müqəddəs Maralımıza başlayıram.



  Mother! filminin analizini yazanda hələlik ilin ən yaxşı filmi demişdim, indi bunu The Killing of Sacred Deer üçün deməliyəm. Yorgos filmlərini izləyənlər rejissorun özünəməxsus üslubunu bilirlər. Soyuq, emosiyasız, qəlibləşmiş münasibətlər, daha çox pisliyi ön plana çıxaran amma bunu əsəb pozan tərzdə sakit edən rejissordur. İnsan həyatlarını steril, təcrid olunmuş şəkildə göstərən Yorgos, sanki real məkanlar daxilində robotlaşmış personajlardan istifadə edir.



  Bunu müəyyən qədər (bu qədər kəskin olmasa da) Stanley Kubrick filmlərində də görmüşük. Kubrick-in öz sözləriylə desək: "Həmişə real olmayanı realmış kimi göstərməyi sevmişəm." Bax Yorgos da bunu edir. Əlavə olaraq o, təbii və maddi reallığı olmayan hadisələri və qanunları da filminə daxil edir. Beləliklə ecazkar və əl çəkə bilmədiyin bir film izləyirsən. Çünki bunu edən rejissor demək olar ki, yoxdur. Bəlkə uzaqdan Paul Thomas Anderson deyə bilərik, amma çox az.



  The Killing of a Sacred Deer filmi mənə 3 şey göstərdi: Yorgos-un Kubrick heyranlığı (hətta bağlılığı), Yunan mifologiyasının müasir dövrə sintezi və film detalları - musiqi, kamera və işıq. İndi bunları incələyək və filmin nə demək istədiyini qavrayaq.



  Aylar əvvəl ilk dəfə bu posteri görəndə və fikirləşmişdim yəqin Kubrick-ə mesajlar olacaq amma bu qədər də yox! Film demək olar ki, ilk səhnəsindən finala qədər Kubrick-in 2001: A Space Odyssey, Eyes Wide Shut, Clockwork OrangeShining filmlərindən bir çox detal, səhnə və mesajı özündə gizlədirdi. Əgər Kubrick filmlərini izləmiş və rejissoru az da olsa başa düşmüsünüzsə bunları filmdə görmək sizə xüsusilə zövq verəcək.




  Film açıq ürək əməliyyatından səhnə ilə başlayır. Bu səhnə filmin çəkilişləri müddətində icazə alınmaqla real cərrahiyə əməliyyatında çəkilmişdi. İlk səhnəsi ilə gərginliyə ilk addımımızı atırıq. Sonrakı dialoq səhnəsində Colin Farrell-in personajı Steven-i kəşf etmək imkanımız olur. Soyuq və maddi bir insan təəssüratı yaradırlar bizdə. Bu səhnələrdə və filmin digər bir çox yerində set dekorasiya, personajların duruşu və dialoqları demək olar eynilə 2001: A Space Odyssey filmilə eynilik göstərir.




  Sonra ilk dəfə Martin-i (Barry Koeghan) görürük. Barry, bu il həmçinin Dunkirk filmində izlədiyiniz George-dur, onu da deyək. 92-ci ildən olan Barry mənə Paul Dano-nu xatırlatdı. Dano mənim üçün gələcəyin ən böyük aktyorlarından biridir. Bu ifası ilə Barry-dən də böyük işlər gözləmək olar.



  Yorgos ən diqqət çəkən işarələrdən birini ilk yemək səhnəsində qoymuşdu. Diqqətlə baxsaz restorandakı divarda maral şəklini görə bilərsiniz.




  Maralın nə dəxli bu filmdə? Hamısını danışarıq. Sonra ilk dəfə Steven-in ailəsinin içinə giririk və xanımı Anna (Nicole Kidman), oğlu Bob və qızı Kim ilə tanış oluruq. Qızı Kim-i Stranger Things-dəki Nancy-ə bənzətdiyinizi bilirəm amma daha vacib bənzətmə oğlu Bob-dadır. Shining filmini izləmisinizsə oradakı Danny mütləq yadınızda olar. 



  Oxşarlıq təkcə fiziki deyil mimikaları, başlarına gələnlər və davranışlarında da oxşarlıq çoxdur. Hətta atası Bob-a saçlarını kəsdirməsini deyəndə də o istəmirdi, partydən sonra deyirdi. Bu party isə rejissorun gözündə tamam başqa party idi. Shining işarələri hələ qabaqdadır, keçək şam yeməyinə. Yeməkdən sonra ər-arvad öz otaqlarında söhbət edirlər. Bu ab-hava Eyes Wide Shut izləyən birinə mütləq o filmi xatırlatmalıdır.




  Bunu qeyd etmədən keçmək olmaz - 18 il keçib amma Nicole Kidman gözəlliyindən heç nə itirməyib. Buna görə xüsusi bir təbrik ona :)

  Yataq otağındakı söhbətdə ailənin soyuq münasibətləri daha aşkar görünür. Anna sabah keks bişirəcəyini və onu uşaqlara verməyəcəyini deyir. Qəbul olunmuş ana obrazının tam əksi bir hərəkət. Buna Steven-in reaksiyası isə tam normal olur. Sonrakı səhnələr bizi yenidən 1999-cu ilə aparır.




  Bu səhnənin soyuqluğu və quruluğu adamı dəli edir.



  Eyes Wide Shut-dakı evdə olan damalı döşəmə bu evdə də var. Həmçinin orada Tom Cruise ilə gecə ziyafətə gedən Kidman indi partneri Colin Farrell-lə gedir. Ümumiyyətlə filmdəki müxtəlif ikili münasibətləri müxtəlif Kubrick filmləri ilə əlaqələndirmək olur. Lanthimos bunu cəsur və açıq-aşkar göstərməkdən çəkinməyib.



  Kamera bucaqları. Rejissor burada da standartdan qaçıb amma çox çılğınlıq da etməyib. Diqqətlə baxsanız bir neçə müxtəlif rakursun film boyu təkrarlandığını görərsiniz. Rolu çox da böyük olmayan dialoqlarda kamera aşağıdan yuxarı, əhəmiyyətli söhbətlərdə isə yuxarıdan aşağı çəkir. Buna yenidən diqqət edərsiniz.



  Steven Martin-i ailəsi ilə tanış etmək qərarı alır. Martin-in atasının qəzadan sonra əməliyyatda öldüyünü öyrənirik. Bunun ilk səhnədəki ürək əməliyyatı olduğunu və həmin əməliyyatı cərrah olan Steven-in etdiyini yəqin edirik. Martin-in cüzi hiss olunan psixi problemlərinin fonunda hələki normal axışıyla davam edən film izləyirik.




  Martin ailədən Kim ilə daha çox yaxınlaşır. Kim-in Martin-ə vurulduğunu hiss edə bilirik. Onların gəzinti səhnələrində və sonrakı bir neçə səhnədə Terrence Malick filmi izlədiyinizi zənn edə bilərsiniz. Təbiətlə bütünləşmə insanı bir anlıq gərginlikdən qopara bilir bir neçə qısa səhnədə. Kim-in ifası və soyuq səsi əla bir səhnə ortaya qoyur burada.

  İlk dəfə Martin-in xəlvəti xəstəxanaya gəlməsində onun artıq Steven-i narahat etdiyini hiss edirik. Bunun davamında Martin filmdə adını öyrənə bilmədiyimiz Martin-in cazibədar anası ilə görüşür (Yeri gəlmişkən 90-cı illərin ulduzu Alicia Silverstone-nu uzun müddət sonra mühüm filmdə görmək xoş oldu). Buradakı qəribə atmosfer və Martin-in məqsədinin müəmması bizi növbəti naməlumluğa hazırlayan ilk mərhələ olur. Belə demək mümkündürsə film elə buradan sonra başlayır.



  Martin mənasız sinə ağrılarını bəhanə edir. Sanki xəstəxanada vaxt keçirmək istəyir Steven-lə. Artıq əməlli başlı əsəblərimizlə oynamağa başlayır Martin. 





  Rejissor filmdə Kubrick-in də xəstəliyi olan simmetriyaya da geniş yer verir. Uzaqdan arxa və ön çəkilişləri əsasən aşağıdan və əsas personaj mərkəzdə olmaqla çəkilir. Nəfis hesab etdiyim bucaqlardandır.









  Nəsə düz gəlmir. Qəfildən Bob-un ayaqları tutulur. Steven-in onun otağına gəldiyi ilk səhnə Shining-də Jack-in Danny-nin otağına gəldiyi səhnəyə çox bənzəyir.





  Və o işarə... Düz Bob-un başının üstündə bir maral rəsmi var. Əslində filmin məhz bu səhnəsində sonu artıq deyilmişdi. Müqəddəs maral Bob idi. O öləcəkdi...



  Bob müayinə olunur. Ailənin xəstəxanadakı üçlükdə gəzib söhbət etdiyi son səhnə eynilə Shining filmində ailənin oteli gəzməsi kimidir. Atmosfer və rəng seçimləri çox əla seçilib burada.




  Sonrakı səhnədə Bob-un ayaqları yenidən işləmir. Həkimlər isə tibbi heç bir problem tapa bilmirlər. Bu məqamlarda operator işi və musiqi coşdurur.






  Paralel Martin ilə Kim-in əməlli başlı yaxınlaşdığını görürük. Möhtəşəm səhnələr idi...







  Nəhayət bir çox suallara cavab gətirən o görüş olur. Martin atasının əməliyyatda ölümündə Steven-i günahkar sayır. Bunun əvəzində ondan ailəsindən kimisə öldürməsini istəyir. Əgər bunu etməsə oğlu, qızı və xanımı növbə ilə öləcək. Steven əvvəlcə məhəl qoymasa da sonradan onun dediklərinin düz olduğunu görür.





  Burada Yunan mifologiyası tərəfini izah edib növbəti hissəyə keçəcəm. Deməli Yunan mifologiyasında Agememnon - Miken kralı, yunan ordularını Troya döyüşünə aparan sərkərdə, Troya səfərində heç külək olmadığına görə ov tanrısı, Apollo-nun əkiz bacısı Artemis-ə öz qızı Iphigenia-nı qurban vermək qərarına gəlir. Ancaq Artemis qız qurban ediləndə onun yerinə bir maral göndərir və Iphigenia-nı özünə rahibə kimi götürür.



  Bizim halda kimsə qurban olunmalıdır. Bura kimi olan işarələrdə bu qurbanın Bob olacağını başa düşə bilirik. Yorgos ideyanı buradan götürərək onu öz üslubunda bəzəyir. Bu dialoqdan sonra dəhşət mesajlar başlayır.





  Kiç artıq tamamilə Martin-ə bağlanıb. Buradakı qəribə səhnədə Kim-i Eyes Wide Shut filmindəki Leelee Sobieski-yə bənzətməmək mümkün deyil.



Bob-un probleminin nə olduğu başa düşülməyən anda Kim-in də ayaqları tutulur. Xor səhnəsi həmçinin filmin ən yaxşı səhnələrindəndir.





  Yavaş-yavaş Martin-in dediyi hər şeyin düz çıxdığını başa düşürük. Bu məqamda geri qayıdacam. Rejissor əla bir işarə qoymuşdu bu barədə. Steven Martingildə olanda Martin ən sevdiyi filmə baxmaqlarını xahiş edir. Sonra bir səhnəsindən filmin Groundhog Day (1993) filmi olduğunu görürük. Həmin filmi izləyənlər Phil-in zamanda necə ilişdiyinin və bir günü ardıcıl yaşadığının sirrini filmdə görə bilməmişdilər. Bu filmdə isə biz Martin-in uşaqları necə xəstələndirdiyini başa düşə bilmirik. Bu, izah olunmur. Yorgos-un bu filmində reallıqla uyğunlaşmayan əsas məqam da elə budur.



  Ailədaxili münasibətlər get-gedə pisləşir. Burada Anna-nın ana obrazına daha çox büründüyü və məsuliyyətə girmək istədiyini görürük. Martin-in yanına gəlir. Martin yenə dediyini deyir və bu məqamda Kubrick-in Clockwork Orange-sinə işarəni spagetti ilə görürük. Yəqin ki, Martin-in spagetti ilə oynaması sizin də əsəblərinizə toxunmuşdu. Eyni əsəbi Kubrick-in filmində də keçirdiyimi xatırlayıram. Klass səhnə idi.









  Anna-nın masturbasiya səhnəsində çəkdiyi əzaba və ailəsinə olan bağlılığına paradoksal şəkildə daha çox əmin oluruq. İşin əslini öyrənmək istəyən Anna əməliyyat günü Steven-in həqiqətən içkili olduğunu öyrənir. Bu isə Martin-in haqlı olduğunu göstərir.




  Sonrakı səhnədə mətbəxdəki dialoq isə yəqin ki, filmdəki ən yaxşı dialoq səhnəsi idi.

- Haqlıydın. Uşaqlar burada daha yaxşıdı. Məncə onları bağ evinə aparaq. Təmiz hava və mənzərə hamımız üçün yaxşı olar.
  Nə üçün darıxıram bilirsən? Kartof püresi. Sabah bişirərsən?
+ Gözəl əllərin var. Əvvəllər fikir verməmişəm. Son günlər hamı əllərinin gözəlliyindən danışır. Mən də indi hiss etdim. Gözəl və təmiz. Amma cansızdılar.
  Steven, bəzən olanlara qarşı elə etinasızsan ki, "Ultrasona gedək", "Qəhvəyi corab geyinim", "Kartof püresi bişirək", "Bağ evinə gedək" kimi gic şeylərdən danışırsan.
- Başa düşmədim (?)
+ Yanımızdakı otaqda övladlarımız ölür. Mən də sabah kartof püresi bişirim. 
- Elə demə.
+ Bəyənmirsənsə niyə Martingildə yaşamırsan? Mərcə girərəm məndən daha yaxşı danışarlar.
- Uşaqların evə gəlməyini istədin və gəldilər. Başqa nə etməyimi istəyirsən?!
+ Hər şeyə son verəcək bir şey. Bunu istəyirəm. Bacararsan? Steven, sənə görə bunları yaşadığımızı bilirsən?
- Nə məsləhət görürsən? De. Yox, gözlə, tapdım. Buna son verə bilərik. Sadəcə körpə timsah dişini, göyərçin qanını və bakirə tükünü tapmalıyıq. Onları gün doğuşundan əvvəl yandırmalıyıq. Görüm heç ehtiyat dişimiz qalıbmı? Diş və tük. Yox, burada yoxdu! Burada da yoxdu! Qoy görüm. Burada da yoxdu! Diş və tük. Bu qutuda da yoxdu. Hardadılar?! Keçən dəfə bura qoymuşdum. Kim götürüb? İnanılmazdı. Səhvən mənim tükümü götürməmisən?! Yadımdan çıxıb, səndə də qalmamışdı. Lazım olan heç nə yoxdu. 





  Steven Martin-i evdə girov saxlayır. Amma o da bunun heç nəyə kömək etməyəcəyini başa düşür. Martin Steven-ə tələsməli olduğunu, çox az vaxtının qaldığını deyir dayanmadan.




  Artıq hamının Martin-in sözünə əmin olduğu bir vaxtda ailənin dəhşəti yenə özünü göstərir. Heç kim ölmək istəmir. Hamı Steven-ə yaltaqlanır. Bob sürünə-sürünə atasından gülləri sulamaq üçün icazə alır, Anna atasından onu öldürməsini xahiş edir. Onu atasının yaratdığını və onun öldürə biləcəyini təlqin edir. Məhz bununla özünü siğortalamağa başlayır. Anna isə ərini sekslə mükafatlandırmağa çalışır.



  Araya sıxışan bu səhnə Dogtooth filminin finalını xatırlatdı. Anna maşının baqajındakı qanı təmizləyir. Sizcə bu müəmmalı Dogtooth finalı üçün işarə ola bilər?



  Filmdə "Öləndən sonra mp3 playerini mənə verərsən?" kimi dəhşətli bir replika var. Bu artıq başqa bir şeydir.

  Yaxşı bəs Steven nə edir. Uşaqların məktəbinə gedir və müəllimlərindən hansının daha yaxşı olduğunu soruşur. Bundan daha absurd və fantastik nə ola bilər ki? Hansı uşağını yaşadacağına kimin dərslərində daha yaxşı olduğunu bilməklə qərar verməyə çalışan bir ata.



  Məktəbdəki söhbətdə əla bir məqam var. Müəllim Kim-in Iphigenia-nın tragediyası haqqında yaxşı bir inşa yazdığını və sinifdə oxuduğunu deyir. Iphigenia qurban edilən Agamemnon-un qızı idi və filmin bu hissəsində hələ də Steven-in tam olaraq kimi öldürəcəyini bilmirdik.



  Anna-nın sağ qalmaq üçün çırpınışları...




  Filmin ən möhtəşəm səhnələrindən biri.





  3-cü mərhələ...




  Məlum səhnə haqqında heç nə yazmayacam. Bob-un öləcəyi filmin əvvəlindən bilinirdi. Qurban verildi...



  Daha dəhşətlisi son səhnə idi. Ailə kafedən çıxanda Anna çevrilir, Martin-ə baxır və gülümsəyir. Gecə yata bilməmək üçün səbəbdir.




  Düzdü indi Yorgos Lanthimos-un ağlına da gəlməz ki, Bakıda hansısa bir adam onun filmi haqqında gün yarım nəsə yazır amma mən yenə də belə işlər izləyə bildiyimə görə, Yorgos-la eyni dövrdə yaşadığıma görə özümü şanslı hesab edirəm düzü. Nəysə çox dramatik oldu. Sonda bir neçə qeydlə yazını tamamlayıram.

  Musiqi haqqında danışmadım deyəsən. Ən güclü faktorlardan idi. Az qala bütün musiqilər gərginliyi iliklərimizdə hiss etdirir, hətta diksindirirdi. Hitchcockvari, Finchervari bir ustalıq var idi musiqi seçimlərində. İşıq özü-özlüyündə bir aləm idi. Bu atmosferdə həm də mükəmməl səhnələr izlətdirdi Thimios bizə. Yorgos Lobster və Dogtooth filmlərində də onunla işləmişdi.

  Colin Farrell ilk dəfə ssenarini oxuyanda mədəsinin bulandığını deyibmiş. Sizin necə?




Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa