Full Metal Jacket Film Analizi


  Ən yaxşı elmi-fantasika filmi kimi göstərilən
"2001: A Space Odyssey" və ya ən yaxşı dystopia filmi kimi göstərilən "A Clockwork Orange" filmlərinə baxdıqdan sonra Stanley Kubrick filmlərindən nə gözləyirsiz ? Günümüzdəki problemləri kinayəli şəklində göstərməkmi ? Yoxsa insanı psixoloji sartıstmaqmı ? Yoxsa qeyri-adilikmi ? Bunların hamısını eyni anda göstərməyi bacaran bir film izləyirik "Full Metal Jacket". Kubrick-in filmi Gustav Hasford-un romanından daha çox qısa bir hekayənin kitabına bənzəyir. Filmin hər səhnəsində, Kubrick, öz stilini ortaya qoyaraq mahir bir iş ortaya çıxarıb. 



  Film hələ başlar-başlamaz əsgərlərin təlimini və psixologiyasını incə yumor hissi ilə bizə göstərir. Filmin ilk hissəsi adlandırlan bu səhnələr İngiltərədə çəkilib. "Ən yaxşı müharibə filmi" adlandırlsa da reallıq baxımdan "Apocalypse Now" (insanın insanlıqdan çıxdığını göstərir), "The Deer Hunter" (proletarların gözündə müharibə psixologiyasını göstərir) və " Platoon" filmləri ilə müqayisədə sinifdə qalır. Çünki filmin final səhnəsi "II Dünya Müharibəsi" ilə bağlı Hollywood studiyalarında çəkilən filmlərə bənzəyir. 



 Bu filmi izlərkən bütün "müharibə" filmlərini yadınızdan çıxarın. Bu sizin istədiyiniz kimi müharibə filmi deyil. Müharibə psixologiyası haqqında nə bilirik ki, onsuz ? Müharibə adlanan şey ən saf insanın içərisindəki pislikləri belə üzə vurmağa yetə bilər. Kubrick-in digər filmlərində olduğu kimi "Full Metal Jacket" filmi insanın psixologiyasını analiz edir və müharibə filmini bizə başqa dildə anlatmağa başlayır. 





 Kino ilk səhnəsində komandirin əsgərlərlə dialoqu, qəribə səhnələri ilə bizə qara komediya filmi kimi gələ bilər. Sonradan Kubrick-in müharibəni lağa qoyduğunu , müharibənin necə mənasız və boş bir şey olduğunu göstərməyə çalışdığını anlayırıq. Əslində digər müharibə filmlərinə baxsanız milliyətçiliyin ön planda olduğunu görə bilərsiniz. Hər dəfəsində hansısa tərəfi haqsız çıxarıb digər tərəfi üstə çəkməyə çalışırlar. Amma Kubrick bu vəziyyəti ortada saxlamağı bacarıb və mövzuya istehzalı şəkildə yanaşmağı bacarıb və bir səhnədə əsgərin taxdığı papaqda "born to kill" (öldürmək üçün doğul) yazılmasına baxmayaraq "sülh" nişanı taxması kinayəli şəkildə ələ alınıb.


  "Full Metal Jacket" filmi hər kəsin bildiyi kimi 2 hissədən ibarətdir. Rejissor ilk hissədə əsgərlərin müharibə vəziyyətinə hazırlaşdığını və üzləşdikləri psixoloji problemləri maraqlı şəkildə göstərməyə çalışıb. İlk bölümdə militarist təhsilə uyğunlaşa bilməyən , mentalitetdən kənara çıxan və komandir Hartmanın təzyiqlərinə tab gətirə bilməyən "kök" Pyle-nın özünü öldürür. Pyle -nın özünü öldürməsinin əsas səbəbi təhqir olunması, kənara atılmağı, cəza tətbiq olunması və dostları tərəfindən döyülməsidir. Bu qatı sistemə dözməyən sadəcə Pyle-dır. Digərləri isə artıq öldürməyə hazırdır. 




  İkinci hissə Nancy Sinatra - "These Boots Are Made for Walkin" mahnısı ilə başlayır. Artıq təlimlər bitmiş və əsgələr Vietnam-a göndərilmişdir. "Full Metal Jacket" qışqırdıcı filmlərdən biridir. Amerikan militarist və müstəmləkə rejimi tənqid edən və analiz etməyə çalışan bir filmdir. Rejissor amerikanın indi Əfqanistan və İraqda yürütdüyü müstəmləkə rejimi o zamanlarda Vietnamda etdiyi göstərməyə çalışır. Vietnamdakı insanları "azadlıq" uğruna mı öldürdülər...? Bu bir soyqırım idi. Network (1976), Nightcrawler (2014) filmlərindəki kimi informasiya agentliklərin saxtakarlığından istifadə edən Amerika öz günahlarını "11 Sentyabr" hadisələri ilə örtməyə çalışır. "11 Sentyabr" hadisəsindən sonra ədaləti yerinə yetirmək bəhanəsilə neçə günahsız insan öldürüldü...?





  Ermey (Hartman) əvvəllər bu sistemdə işləyən komandir olduğundan Kubrick rolun realist olmasını istədiyi üçün onu seçmişdir. Keçmişdə orduda komandir olan Ermey işlətdiyi replikaların bir çoxunu özü yazmışdır və "təhqirin, şiddətin" orduda sıradan bir şey olduğuu vurğulamışdır. Həmçinin filmin bəzi səhnələri kəsilmişdir. Belə ki, filmdə əvvəllər əsgərlərin futbol oynadığı səhnə var idi. Lakin bu səhnədə əsgərlər top əvəzi insan başı işlətmişdir. Sonradan bu səhnə silinmişdir. 


 

  Kubrick-in başlıca Fransa olmaqla bir çox ölkədə qadağan olan filmi Paths of Glory (1957) və kinemotoqrafiya tarixində "black comedy" janrının şahəsəri sayılan Dr. Strangelove (1964) filmləri ilə birlikdə "Full Metal Jacket" (1987) anti–militarist filmləri olaraq ön plana çıxır.

Yazar : Nicat Hacıyev


Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa