Raw Film Analizi


 Premyerasını Kann Film Festivalında
edən və FIPRESCI mükafatına layiq görülən bir çox festival və tənqidçilər tərəfindən təriflə qarşılanan amma izləyici tərəfindən yerin dibinə soxulan keçən ilin ən mübahisəli, ürək bulandıran filmlərindən biridir - Raw.  Filmin rejissor və ssenaristi uzun metrajlı ilk filmini çəkən fransız Julia Ducournau-dur. Garance Marillier (Justine), Ella Rumpf (Alexia) və Rabat Nait Oufella (Adrien) kimi gənc və tərcübəsiz aktyor heyətinin olmasına baxmayaraq hər üçü də mükəmməl iş çıxarmağı bacarıb. Film qorxu janrında göstərilsə də qətiyyətlə qorxu filmi deyil bir psixoanaliz filmidir və psixoloji-dram kateqoriyasına aid edilsə izləyicinin fikrini yayındırmaz deyə düşünürəm. İlk başlarda izləyicidə Dogtooth filmi təsirini bağışlasa da həmin filmdən daha axıcı və fərqli mövzuya malikdir. Lakin hər iki filmi də "coming of age" (ərgənliyə keçid) kateqoriyasına aid etmək olar. 


 İnsanlar ən vəhşi varlıqlardır sözü yəqin ki, bir çoxunuz üçün monoton səslənəcək. Mother! filmindəki kimi insanlar ilk təbiət anası ilə müharibə etdi və qalib gəldi hegemonluğu ələ keçirdi və öz qanunlarını Tanrı qanunları adı ilə uyğulamağa başladı. Bu qanunlara əks olan hər şeyi məhv etdilər. Earthlings filmində isə insanoğlunun digər böyük rəqibi heyvanlara uyğuladığı işgəncləri görmək olur. Yer kürəsinin tək hakimi olmuş bəşəriyyət heyvanları artıq müəyyən kateqoriyalara bölür, onları öldürə biləcək heyvanları vəhşi, insanların rahatlıqla öldürə biləcəyi heyvanları isə ev heyvanları adlandırırlar. Bəşəriyyət və qanunları heyvan ətinin yeyilməsini normal qarşıladığı üçün hər kəs rahatlıqla heyvanlara işgəncələr edib onların ətlərini ləzzətlə yeyirlər. Bəs insan öz ətini yesə ? Digər sözlə insanoğlu hannibala çevrilsəydi ? Qarşımızdakı film bu və bunun kimi cəmiyyət problemlərini göstərməyə çalışır biraz sərtliklə, biraz qorxudaraq. Bir heyvanı öldürmək cinayət olmaya bilər amma bir insanı öldürmək cinayətdir ! 


 Bundan sonrakı hissəyə spoiler daxil olacaq. Filmin başlanğıcı son zamanlarda izlədiyim ən yaxşı başlanğıca sahibdir. Başlanğıcda qarşımıza filmin qəhrəmanı Justine çıxır və vegan bir ailədə böyüdüyü üçün ətə qarşı antipatiyası vardır. Lakin günümüzdə ətsiz yemək tapmaq çətin olduğundan yemək seçimlərində zorlanır. Ailəsi ilə birlikdə getdikləri restoranda yeməyinin içindən ət məhsulu çıxır və anası bunu sərt qarşılayaraq restoran xidmətçisini acılayır. Ailə daha sonra isə Justine ilə birlikdə ölkənin ən nüfuzlu baytarlıq universitetinə gedirlər. Justine-nin ailəsi bu universitet məzunudur və yaşca böyük bacısı Alexia burada təhsil almaqdadır. Alexia ət yediyi üçün ailəsi tərəfindən xoş qarşılanmır və ona qarşı nifrət hissi bəsləyirlər. Justine isə növbəti həyatının bir hissəsini bu universitetdə keçirməli olacaqdır. 



"- Mən, otaq yoldaşımın qız olduğunu düşünürdüm. 
- Mən bir gay-əm və bu onlar üçün eyni bir şeydir ! "

 İlk gün Justine üçün çətin keçir. Universitetin ənənələrindən olan digər sözlə cəmiyyətimizin ənənələrindən olan böyüyün kiçiyi əzməsi teoriyası həyata keçirilir. Elə bu an , Justine, otaq yoldaşı Adrien ilə tanış olur. Justine-nin bu an ərgənlik hormonları qalxır və Adrien-ə qarşı xüsusi maraq hiss edir. Buna görə bacısını belə ona qısqanmağa çalışır. Lakin Adrien oğlanları bəyənir. Tanışlıqdan sonrakı gün Justine üçün dəyişimin başlanğıcı yaşanır və dovşanın böyrəyini yeməli olur. Daha sonra isə öldürülmüş heyvanın qanı ilə tanış olur. Bədəni bunu qaldırmır və qaşıntı verir. Əslində Justine-in istəsəydi əti yeməyə bilərdi. Lakin bu cəmiyyətə qarşı çıxmaq olardı və cəmiyyət öz işgəncə yöntəmləri ilə onu cəzalandıracaqdı. O, isə bunu istəmirdi. 


 Adrien ilə birlikdə ilk dəfə ətin dadına baxan Justine artıq ətə qarşı istəyinin qarşısını ala bilmir və bədən hər gün daha da aclıq hissi çəkir. Daha sonra isə, o, bakirəlikdən çıxmaq istədiyi üçün vaginasındakı tükləri kəsmək qərarını alır. Lakin bu mövzuda bacarıqsız olduğu üçün bacısından kömək istəyir. Bu zaman istəmədən bacısı barmağını qoparır və qanı görüb huşunu itirir. Justine-in hannibala çevrilməsi bu an başlayır və ambulansın gəlməsini gözləyərkən bacısının barmağını yeyir. 


 Lakin bacısı bunu görür və aralarında qəribə bir münasibət yaranır. Daha sonra isə bunun bir ailə ənənəsi olduğunu öyrənirik və bacısı maşın yolunda bir qəzaya səbəb olur və maşındakı insanların birinin ətini yeyir. Justine bacısına qoşulmayıb onu tənqid edərək məktəbin yataqxanasına geri dönür. Lakin yaşadığı bu psixoloji hadisə onda bəzi şeylərin oyanmasına səbəb olur. Duş qəbul etdikdən sonra Adrien ilə birlikdə olur. Lakin Adrien bundan xoş deyildir və hər kəsin içində onun üzərinə qışqıraraq gay olduğunu və bunu bacara bilməyəcəyini söyləyir. 


 Rejissor bunları göstərərək hadisələri sıxıcı hala gətirmir əksinə hadisələr daha da axıcı bir hal alır. Lakin bəzi səhnələri insan mədəsi həqiqətən də qaldıra bilməz. Alexia barmağına görə bacısına kin saxlamaqdadır və bir gün yataqxana əyləncəsində bacısının həddindən artıq spritli içki almasından istifadə edərək onu biabır edir və gənclər, bunu telefona qeyd alır. Lakin bundan xəbəri olmayan Justine səhər oyanarkən özünü yatağında tapır və heçnə olmamış kimi dərsə gedir. Dərs çıxışı olub-bitənləri Adrien ona göstərir. Bunları görən Justine bacısına hücum çəkir və bacısı onun üzünün ətini qopardır. 


 Həmin günün axşamı Alexia bacısının otağına gedir və ona kömək edir. Justine bundan sonra otaqdan çıxaraq Adrian-ın otağına gedir və səhər heçnə olmamış kimi oyanır. Bəlkə də Justine həmin gecə Adrian ilə birlikdə olmamışdı amma necə ola bilərdi ki, səhəri onunla açmışdı ? Çünki Justine ölmüşdü. İlk başlarda Justine özünü itirib onu yediyini düşünsə də daha sonra bunu bacısı Alexia-nın etdiyini anlayır. 


 Amma artıq Justine bunu normal qarşılayır və bacısı ilə birlikdə heçnə olmamış kimi duş qəbul edir. Alexia artıq həbs olmuşdur və ailəsi Alexia-ya bəslədiyi nifrət ilə onu soyuq şəkildə qarşılayır. Justine isə artıq əvvəlki Justine deyil və atası, bunu rahat şəkildə anlayaraq bunun ya Alexia-nın ya da kı, onun səhvi olduğunu açıqlayır. Atası bunun genetik bir problem olduğunu başa salmaq üçün öz bədənini ona göstərir...


 New French Extremity kimi adlandırılan cinsəllik və şiddətin sərhədləri kateqoriyasına aid edilən film bir neçə ölkədə qadağan olunub. İnsan psixologiyasının sərhədlərini zorlayan amma Dogtooth qədər sərt olmayan bu film içində bir neçə metaforaya da yer verib. İnsan və ruh anlayışını və eyni zamanda cəmiyyət əxlaqlarını tənqid edən bu film sözsüz ötən ilin ən yaxşılarından idi. 

Yazar : Nicat Hacıyev


Blogger tarafından desteklenmektedir.