Three Billboards Outside Ebbing, Missouri Film Analizi


 Ötən ilin ən az gözlənilən amma ən çox izlənməli
olan filmlərindən biri ingiltərəli rejissor və ssenarist Martin MacDonagh tərəfindən çəkildi. In Bruges filmi ilə ilk uzun metrajlı filmini çəkən rejissor şübhəsiz hər kəsin diqqətini çəkməyi bacarmışdı. Daha sonra qara yumor tərzində növbəti filmi olan Seven Psychopaths filmi ilə qarşımıza çıxan rejissor bu dəfə istəniləndən uzaq bir xətt çəkmişdi. Lakin bu il yenidən "Three Billboards Outside Ebbing, Missouri" ilə diqqət mərkəzinə düşən rejissor sözün əsl mənasında iştirak etdiyi festivallarda mükafatları silib süpürmüşdür. Qara komediya, dram və cinayət janrlarının harmoniyasında bir çoxumuzun Fargo filmindən tanıdığı Frances McDormand, Moon və Seven Psychopaths filmindən tanıdğı Sam Rockwell, True Detective serialından tanıdğı Woody HarrelsonGame of Thrones serialından tanıdğı  iştirak etmişdir. On iki milyonluq bücdə ilə çəkilmiş film hasilatını iki qat etməyi bacarmışdır. 


 Premyerasını 74-cü Venetsiya Film Festivalında edən filmdə hadisələr Amerikanın utanc qaynaqlarından biri olan Missuri ştatında cərəyan edir. Kathryn Stockett tərəfindən yazılmış və böyük rəğbət görmüş "The Help" kitabı ilə bu ştatdakı irqçilik ilə yaxından tanış olan biri olaraq hadisələr mənə çox da qeyri-adi gəlmədi. Bildiyiniz kimi irqçilik ABŞ-ın ən böyük utanc mənbəylərindən biridir. Nisbətən şimalda azalan irqçilik hələ də cənub hissələrində qalmaqdadır. Belə bir ştatın kiçik Ebbing adlı qəsəbəsində Mildred-in (Frances McDormand) qızı müəmmalı şəkildə öncə təcavüz edilərək daha sonra isə yandırılaraq öldürülür. Lakin polisimiz bu hadisənin səbəbkarlarını tapa bilmir və hadisəni ört-basdır etməyə çalışır. Qəzəb bir çıxış yolu deyildir və bizim problemlərimizin həll yolu ola bilməz. Bu dəfə öz dəsti xəttindən çıxan Hollivud, qəzəbin bir günah olduğunu və hadisələri anlayış və normal tərzdə qəbul etmək ilə gərçək xoşbəxtliyə çata biləcəyimizə işarə edir. Həyatda bizə qarşı olunan haqsızlıq uğruna mübarizə etməyə dəyərmi? 


  Bundan sonrakı yazıya spoiler daxil olur. Yuxarıda sadaladığım nüansların toplandığı film Mildfred-in qızını öldürənlənlərin hələ də həbs edilməməsi və polisin heç bir şey etmək istəməməsi ilə reklam şirkətinə ödədiyi beş min dollar ilə 3 reklam afişasını kiralaması ilə başlayır. Polislər tərəfindən işgəncələrə məruz qalan qara dərili insanların yaşadığı bu qəsəbədə qəzəb artıq böyüməyə başlamışdır. Qəsəbənin şerifi Willoughby (Woody Harrelson) hörmət görən bir ailə başçısıdır. Lakin xərçəng xəstəliyinə tutulan şerif artıq ölüm ilə mübarizə aparmaqdadır. Hər bir polis ölümündən sonra yaxşı şöhrət ilə tanınmaq istər. Ona görə də Mildfred-in başlatdığı bu mübarizə qəsəbənin qəzəbini qaldırmırmışdır və hər kəs Mildfred-ə qarşı birləşmişdir. Qızı öldürülən ana artıq qəsəbə tərəfindən günahlandırılmaqdadır. Mildfred-in fikrini dəyişdirmək üçün onunla söhbət etməyə çalışan şerif istəmədiyi cavab alır.




" - Mən sənə bir sirr vermək istəyirəm.
- Xərçəng olduğunu bilirəm. Bunu bütün qəsəbə bilir. 
- Bəs bu sənin fikrini dəyişdirə bilməz ? İnan mənə sənin qızının qatilini tapmaq mən də istəyirəm. Lakin heç bir dəlil yoxdur. 
- Bütün qəsəbədə yaşayan sakinlərin DNA-sını ala bilərsən.
- Bu insan haqqlarına ziddir. Bunu edə bilmərəm. "

 Yaranan xaosdan yararlanmağa çalışan media artıq qəsəbə yerindədir və ortalığı daha da qatmaq üçün Mildfred-dən müsahibə alırlar. Müsahibə ən çox polis köməkçisi Dixon-unu (Sam Rockwell) qəzəbləndirir. Dixon atası öldükdən sonra anasına baxmağa çalışan irqçi bir polisdir. 


" - Lənət olsun sənə Mildfred mən sadəcə ağ olmayan insanlara qarşıyam və bu irqçilik sayılmaz..."

 Dixon bütün bu olub bitənləri reklam şirkətinin sahibində görür və onları yığışdırması üçün onu hədələyir. Lakin qanunları yaxşı bilən reklam şirkətinin sahibi bu hədələri ciddiyə almır. Artıq polislər Mildfred-in bir günahını axtararaq onu həbs etmək qərarına gəlir. Çünki tək çıxış yolu budur və əgər Mildfred həbs olunsa kiraladığı afişaların aylıq pulunu ödəyə bilməz və məsələ həll olunacaqdır. Nə təsadüfdür ki, diş həkiminə gedən Mildfred həkimin ona qarşı günahlandırıcı davranışları ilə üzləşir və həkimin barmağını yaralayır. Artıq Mildfred sorğu otağındadır. 


"Əgər bir balaca irqçiliyə meyilli bütün polisləri qovsam 3 polis qalardı. Onlar da homolara nifrət edərdi yəqin."

 Bu an xəstəliyi artan şerif xəstəxanaya aparılır və işlədiyi cəza sübut oluna bilməyən Mildfred sərbəst buraxılır. Artıq xəstəliyinə tab gətirə bilməyən şerif gerisində üç məktub buraxaraq intihar edir. Qəsəbədə qəzəb pik nöqtəyə qalxır və hər kəs Mildfredi günahlandırır. İnsanlar ona hücum edir və hədələyir. Reklam şirkəti Mildred-dən əlavə beş min dollar istəyir. Çıxılmaz bir anda bilinməyən bir insandan məktub gəlir və bundan sonrakı kiranın hamısını ödədiyi öz öhdəliyinə götürür. 

"Əziz Mildfred, bu mübarizəndə sən tək deyilsən."

 Dixon isə artıq qəzəbinə hakim ola bilmir və reklam şirkətinin sahibini xəstəxanalıq edir. Bu an bunları görən qara dərili şerif onu işindən azad edir. Yuxarıda yazdığım üç məktubun ilk təbii olaraq onun ailəsinə idi. Digər iki məktubdan biri isə Mildfred-ə yazılmışdı və ona yardım əlini uzadan məhz şerif idi. Hekayəmizin ən can alıcı nöqtələrindən biri olan bu səhnədə şerif qatili həbs edə bilmədiyi üçün ondan üzr istəyirdi. 


 Qəzəbin sakitləşmədiyi qəsəbədə bəlli olmayan bir şəxs reklam afişalarını atəşə verir və bu hadisə Mildfred-i daha da qəzəbləndirir. Nifrət daha çox nifrətə səbəb olar. Mildfred, cavab olaraq polis departamentini yandırmaq qərarına gəlir. Lakin üçüncü və son məktub Dixon üçün yazılmışdır və bu məktubu götürmək üçün Dixon axşam vaxtı heç kəsin olmadığı bir anda oraya getmişdir. Şerifi hər zaman ata kimi görən Dixon onun nəsihətlərini dinləsə də yanğından xilas olmamışdır və bir neçə gün xəstəxanada qalmışdır. Lakin filmin ən yaxşı, öyrədici səhnələrindən biri yaşanır və ona ilk yardım əlini hər zaman heç saydığı və məzələndiyi James (Peter Dinklage) daha sonra isə döydüyü reklam sahibi uzadır. 


 İlk başlarda izləyicinin nifrətini qazanan Dixon artıq izləyicinin ən can alıcı obrazına çevrilmişdir. Bunu bacara bilən aktyora həqiqətən də halal olsun. Bir çoxuna aktyorluq dərsi vermişdir. Şübhəli olaraq barda rastladığı birinin DNA-nı almağı bacaran Dixon Mildfred kimi bir çoxumuzu ümidləndirmişdir. Lakin rejissor tipik hollivud filmlərindən kənara çıxaraq bizə sıradan bir hekayə deyil öyrədici bir hekayə anlatmaq istədiyini göstərmişdir. Həmin şübhəlinin DNA-si qatil ilə uyğun olmaya bilər lakin bu onu günahsız qılmaz. Çünki o da bir qatildir bir təcavüzkardır. Qatili cəzalandırmaq üçün yola çıxan Mildfred və Dixon onu öldürməkdə qərarsızdır. Bu isə bizə bir daha xatırlatma edir. Bu an film bitir və sonluq biz izləyicilərin xəyal gücünə buraxılır. Bəs siz öyrədiləndən bir nəticə çıxardınızmı ? Sizə görə qəzəbə qarşı daha da qəzəblə cavab verib həmin təcavüzkarın cəzasını vermək lazımdırmı ? Bu sualların əhatə dairəsi ilə bitən və iki saatlıq mükəmməl ziyafət verən bu film ilin ən yaxşılardan idi. 


Bu il altı "Qızıl Qlobus" nominasiyasında yarışacaq olan film "Ən yaxşı ssneari" , "Ən yaxşı film" və "ən yaxşı köməkçi aktyor" kateqoriyasında iddialıdır.  

Yazar : Nicat Hacıyev




Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa