La Casa De Papel - Serial analizi



   Bir gün vaxtımı bu tərz seriallara ayırıb tənqid yazacağımı desəydilər,
gülərdim. Son aylarda adından ən çox söz etdirən serial olan "La casa de papel" kimisinə görə çəkilmiş ən yaxşı serial, kimisinə görə overrated, kimisinə görə isə ağızda xoş bir dad buraxacaq tərzdədir. İspaniya istehsalı olan serial əslində bir çox izləyicinin axtardığı tərzdədir. İçərisində nə istəsən var: action, triller, soyğun, sevgi, plan, tərs köşələr, axıcılıq, dram, xoş musiqilər, xoş simalar, sosializm, dirəniş, sənət...

İzləmədən öncə heç bir gözləntim olmadığı üçün izləyərkən gözləntilərim yüksəldi. Amma içərisindəki məntiq səhvlərini görməzdən gələ bilməyəcəm. İlk öncə mənim sənət baxış açım var, hər kəsin izlədiyi filmləri (serialları) izləmərəm, çünki bu məni "hərkəsləşdirər" kimi düşüncəsiniz varsa və bütün diqqətiniz sadəcə serialı bəyənib, onu şişirdənlərə yönəlibsə izləyib özünüzü yormayın. Onsuz bir izləyici əgər serialı yerdən-yerə vurursa deməli ancaq bu məqsədlə izləyib bitirib. Çünki izləyici həzz almadığı bir şeyi bitirə bilməz. Bahalı bir restoranda qarşına qoyulan bir ət parçası kimi.



     Serialın beynəlxalq yayım haqqları Netflix tərəfindən alınmasaydı bir çoxumuzun varlığından belə xəbəri olmayacaqdı. Bəlkə də bu serialın bu qədər şişirdilməməsinə səbəb olacaqdı. Təəssüf hissi ilə deməliyəm ki, serial populist cəmiyyət tərəfindən bir balon kimi şişirdilib. Çünki qarşınızda həyatınızın serialı yoxdur və plan qurucusu Professor bir Heisenberg və yaxud Scorfield-də deyil. Serialı bəyənmə tərziniz sadəcə onun nə zaman qarşınıza çıxması ilə bağlıdır. Əgər ciddi bir işlər istəyib vaxtınızı boşa xərcləmək istəmirsinizsə sizə görə deyil və yaxud yorucu bir günün ardından sadəcə bir şeylər izləyib sıxılmaq istəmirsinizsə bu serial tam sizə görədir. Bundan sonrakı hissəyə spoiler daxil olacaq.


     Serial həyatlarında uçurum kənarında olan və öz işlərində bir xeyli bacarıqlı olan səkkiz soyğunçunun bir araya gətirilməsi ilə başlayır. Onları bir araya gətirən isə Professor ləqəbli işində ciddi olan, idealist biridir. Lakin bu idealistliyi qarşısına çıxan polis müfəttişinə aşiq olması ilə parçalanır və geridə idealist kimi görəcəyimiz bir tək Berlin qalır. Anladığınız kimi səkkiz soyğunçu özlərinə şəhər adı seçərək aralarındakı şəxsi həyatı bir kənara qoymuşdur: Helsinki, Oslo, Tokio, Rio, Denver, Nairobi, Berlin və Moskva.


Serial ilk epizodu ilə çox canalıcı şəkildə başlayır və sosial mesajlar verəcəyini göstərir. Belə ki, geyindikləri qırmızı rəngli geyim komunizmi, Dali maskaları isə cəmiyyət qurğularını inkar edən və həyatı boyunca bunun uğruna mübarizə aparan rəssamın simasıdır. Məqsədləri isə dünyadan sadəcə bir neçə gün oğurlayıb digər siyasi güclərin etdiyi kimi özlərinə külli miqdarda pul ayırmaqdır və bununla da kapitalizmə zərbə vurmaqdır. Bunları isə İtaliyada illərdir faşizmlə mübarizə aparan hər kəsin mahnısı olmuş "Bella Ciao" (Əlvida, gözəlim) mahnısı ilə bəzəmişlər. Bundan savayı intro musiqisi olan "My life is going on" (Həyatım dəvam edir) seriala ayrı rəng qatmışdır. Bu qədər gözəlliyin arasında isə ortaya çıxan sevgi münasibətləri isə serialın bütün gözəlliyini məhv etmiş və saysız dərəcə də məntiq səhvlərini ortaya çıxarmışdır.



      Növbəti epizodlar isə soyğunçuların psixoloji gərginliyini, həyatlarını və 5 ay boyunca keçdikləri təlimləri ələ alır. Bunları isə Tokionun dilində izah edir. Lakin Professor bunları anlatsaydı daha uyğun olardı. Ərgən xarakterli obrazın dilində hekayəni dinləmək bir xeyli yorucu oldu. Üzülərək deməliyəm ki, soyğunçular taxdığı maskanın simasından xəbərləri yoxdur. Bir tək Berlin obrazı ön plana çıxır və işinə son dərəcə doğru yanaşır və serialda olan məntiq səhvlərini bir növ azaldaraq ən azından simpatiya yaratmağa çalışır. Əgər Berlin xarakteri olmasaydı hal-hazırda bunları yazacağımı düşünməzdim. 


Əsasən Rio, Tokio obrazları yaşadıqları sevgi və göstərdikləri ərgən reaksiyaları ilə serialı məhv ediblər. Kaş ssenaristlər bu münasibətləri biraz azaltsaydı. Nə də olsa 5 aylıq təlim, yaradılmış böyük plan və sonunda əldə olunan külli miqdardakı pul buna əngəl olmalı idi. Girovların bir hissəsi isə təxribat yaratmaqda və qaçmaq planları qurmaqdadır. Lakin soyğunçular onlara hələ də xoş davranır. Bu isə serialın digər mənfi nöqtələrindən biridir. Çünki təlimlər ilə bir növ işinin robotlaşdırılmış insanlara bunlar öyrədilməli idi. Bundan sonra isə qarşımıza başqa sevgi münasibətləri çıxır. 

Professor polis müfəttişinə, Denver isə Monika (Stockholm) adlı bir qıza aşiq olur. Bu isə özlüyündə serialın axıcılığın itməsi, məntiq səhvlərinin çoxalmasına səbəb olur. Professorun isə müfəttişə aşiq olması və həyatı boyunca hazırlamış olduğu planı təhlükəyə atması mənə görə absurd bir hava qatmışdı və bununla ortaya çıxan soyğunçuların bir-birlərinə hücum etməsi və nəticədə Tokionun polisə təhvil verilməsi ilə dəvam edir. Lakin Tokionun Professor tərəfindən xilas edilməsi və nəticədə yenidən  dünyanın diqqət mərkəzinin və İspaniyanın ən öndə gələn probleminin çevrildiyi Milli Banka girişi və nəticədə Moskvanın ölümü mənə görə məntiqsizliyin ən pik nöqtəsi idi və bir sözlə bütün həssaslıqla, gözəl mesajların verildiyi xoş sözlərə bir zərbə idi. Bu zərbəni isə ssenaristlər etdi və serialın daha çox populist cəmiyyət tərəfindən mənimsənilməsinə gətirib çıxardı. Bu mənfi cəhətin yanında isə idealist Berlin-in son səhnədə hər şeyə qarşı dirənişi ən gözəl hissələrindən biri idi. 





 Ümumilikdə keçirdiyim vaxtda xoşuma gələn bir serial oldu. Amma çox şişirdilmədən və çox böyük gözləntli ilə izləmədən yanaşmağı məsləhət görürəm. 

Dəyərləndirsəm: 


Aktyorluq – 8 

Musiqi – 8 

Gedişat – 8

Ssenari – 6

Digər nüanslar – 7 
Ümumi – 7.5




Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa