Yeni Tedris Ilinden Evvel Izlenmeli 23 Film


Qarşıdan 15 Sentyabr gəlir
və yeni təhsil ili başlayır. Məktəb və universitet həyatı da tez-tez rejissorların marağında olub. Bizdə bu mövzüya toxunaraq təhsil ili başlamamışdan əvvəl (ya da ürəyiniz istəyir, sonra) izləməyiniz uyğun olan 23 film bölüşürük.




23. Detachment




Adrien Brody-nin son dövrlərdə ən çox diqqətə gəlmiş rollarından biri.



22. Fast Times at Ridgemont High




Adətən rejissorlar gənclik həyatına, istər universitet, istərsə də məktəb dövründəki daha şən hadisələrə əhəmiyyət verirlər. Bunun nəticəsidir ki, bu mövzüda çəkilmiş komediyalar çoxdur. Elə Sean Penn-in ən məşhur rollarından olan, Jennifer JasonLeigh-i də kinoya gətirən bu Amy Heckerling klassikası da bu janrdadır.



21. Clueless





Amy Heckerling demişkən - bu yaxınlarda Alicia Silverstone-dan bəhs edilərkən bir saytda “90-cı illərin Emma Stone-u” ifadəsinə yer verilmişdi. Silverstone karyerasındakı uğurları daha sonralar davam etdirə bilməsə də (Hərçənd bu il Yorgos Lanthimosun çox gözlənilən yeni filmi “Killing of a Sacred Deer”də qarşımıza çıxacaq) “Clueless”-dakı ifası o qədər populyarlaşmışdı ki, indi də elə bu bir rol onun tamaşaçılar arasında tanınmışlığını qorumasına səbəbiyyət verir. Clueless həmçinin ABŞ populyar mədəniyyətində tez-tez “90-cı illərin simvolu”na çevrilmiş filmlərdən biri hesab edilir.



20. Easy A





Emma Stone-un adını çəkdik, elə onu da məşhurluğa yüksəldən, gənclər arasındakı ikiüzlülüyə işıq tutan bu filmi də qeyd etməmək olmazdı.



19. 10 Things I Hate About You


Mərhum Heath Ledger-i məşhurlaşmasında əsas səbəblərdən biri olan “10 Things I Hate About You”, William Shakespeare’in “İnadkarın Ram Edilməsi” əsərinin müasir dövr adaptasiyasıdır. 



18. Starter for Ten





Harasa daxil olanda ilk il hamı üçün çətin olur. Təəcüblə, gözlənilməz hadisələrlə, bəzi xoş və ya xoş olmayan anlarla. Elə filmdə də James McAvoy-un obrazının universitetə daxil olmasıyla başlayan ilk təhsil ilini izləyirik.



17. Sixteen Candles





John Hughes gənclik filmlərinin atası sayılır. Onun filmləri gənclərə “uşaq” kimi yox, “yetkinləşməkdə olan insanlar” kimi davranmasıyla hər zaman seçilib. Sixteen Candles da bu janrdakı ilk və ən əsas uğurlarından biridir.



16. Edge of Seventeen





John Hughes demişkən onun filmi deyil, təəsüf ki Hughes ümümən həyatda deyil amma izi çox filmdə yaşayır. Elə “Edge of Seventeen” filmi də səmimi tonu, inandırıcı baş rol obrazı, Hailee Steinfeldin qüsürsüz oyunu ilə gənc olmağın nə qədər qarmaqarışıq, nə qədər çətin ola biləcəyini bizə xatırladan müvəfəqiyyətli filmdir.



15. Half Nelson





Ryan Gosling-ə ilk Oscar namizədliyini gətirən filmi çox iddialı saymaq olmaz amma buna baxmayaraq yaşından daha yetkin olan tələbə ilə heç cürə ağlındakı fikirləri yığıb özünü ciddi bir yetkin insan kimi apara bilməyən müəllimin bir-birilərinin həyatına təsirini göstərən uğurlu bir filmdir.



14. Heathers





Hamının oxuduğu yerdə qıcıq olduğu, görmək istəmədiyi adamlar olur. Filmdəki obrazlar isə bu işi bir addım daha iləri götürərək – onları öldürmək qərarına gəlirlər.



13. Mean Girls





Elə yuxarıdakı “Heathers” filminin belə desək qansız versiyası. ABŞ-ın öndə gələn komediya simalarından Tina Feyin özünə məxsus yumoru ilə yazdığı film, müasir dövrün ən populyar gənclik filmlərindən olmaqla yanaşı Lindsay Lohan (hərçənd sonra davamını gətirə bilmədi), Rachel McAdams, Lizzy Caplan və Amanda Seyfried kimi dövrün gənc aktrisalarının da populyarlaşmasında əhəmiyyətli rol oynamışdı. 



12. Ferris Bueller’s Day Off





Dərslər hamını bezdirə bilir və hər tələbə və ya şagird heç olmasa bir gününü dərsə getmək əvəzinə, dərsdən qaçıb əyləncə axtarmaq ehtiyacında hiss edib özünü. Elə Ferris də belə düşünür, “bu gözəl havada dərs olar?” deyir. Düzdür, həmin günü imtahanı var – Avropada sosializm tarixindən amma “nəyimə lazımdır? Mən axı Avropada yaşamıram” deyərək Çikaqoda sevgilisi və dostu ilə birlikdə bir günlük unudulmaz bir macəraya başlayır.




11. Dazed and Confused





Filmin tam olaraq bir mövzüsü yoxdur, sadəcə bir birindən müxtəlif tələbələr və onların gündəlik həyatı. Richard Linklater klassikasını Quentin Tarantino bir dəfə 90-cı illərdə çəkilmiş filmlər arasında özünün ən sevdiyi iş hesab etdiyini demişdi. Bu arada Matthew McConaughey-in də ilk kino roludur.




10. Dangerous Minds




Öz dövründə kinoteatrlarda böyük uğur əldə edən, hətta bunun ardınca serial layihəsi də ortaya çıxan “Dangerous Minds” azlıqda olan xalqların üzvlərinin aşağı həyat səviyyəsi və onların cinayətkar və ya avaraçılıqla dolu həyatlarını dəyişdirməyə çalışan müəllimənin hekayəsindən bəhs edir. Baş rolda əvəzolunmaz Michelle Pfeiffer.



9. Say Anything





Gənclik məhəbbətinə aid çəkilmiş ən saf və ən səmimi film indi də öz janrının ən yaxşılarından biri hesab edilməyə davam edir, hətta Entertainment Weekly jurnalı filmi “ən yaxşı müasir məhəbbət hekayəsi” də adlandırmışdı.




8. Election




Əslində bu filmə gənclik filmi kimi yanaşmaq düzgün olmaz amma yenə də keçdiyi məkana görə kateqoriyamıza uyğundur. Niyə yanaşmaq olmaz çünki film hər nə qədər kollecdəki bir mübarizədən bəhs etsədə əslində rejissor AlexanderPayne-in məqsədi prezident seçkiləri, həmin dövrdə partiyaların götürdüyü siyasət və arada qalan xalqı təsvir etməkdir.




7. The Last Picture Show





Gənclərdən bəhs edən filmlər arasında komediyalar üstünlük təşkil etdiyi doğrudur. Amerikan kinosunun şahəsərlərindən olan The Last Picture Show isə istisnalardandır.



6. The Perks of Being Wallflower




Ölkəmizdə də kifayət qədər populyarlaşmış film, gənclik dramları arasında müasir dövrdə çəkilmiş ən yaxşı işlərdən biridir.




5. Dead Poets Society





Təhsil sistemi bizi robotlaşdıra da bilər, bizim hamımıza eyni cür davrana bilər. Halbuki hamımız fərqliyik, hamımızın həyata müxtəlif baxışı olur. Elə filmdə də hamımızın öz yolunu tapmalı olması vurğulanır. Peter Weir şahəsərlərindən.




4. Pump Up the Volume





Kaybedenler Külübü filmini sevənlər yəqin ki, bu filmdən xüsusi zövq alacaq çünki həmin filmin üzərində təsiri hiss olunur. Gənc olmaq, bunun çətinlikləri və yeri gələndə ayaqlanmalı, baş qaldırmalı olduğumuz barəsində filmdə Christian Slater karyerasının ən yaxşı ifalarından birini sərgiləyir.





3. About a Boy





Bəzən öz yaşıdlarımızın həyat tərzinə öyrəşməkdə çətinlik çəkə bilərik. Və bəzən bizə sosiallaşmaqda və ya həyatda özümüzü tapmaqda ən gözlənilməz adam kömək edə bilər. “About a Boy” son dərəcə səmimi tonu, yumor ilə dramı qüsürsüz balanslaşdırması, tamamilə banallıqlardan uzaq olan orijinal ssenarisi (ki ssenarisi ilə Oscara namizəd göstərilib) ilə Britaniya kinosunun 21-ci əsrdəki ən uğurlu işlərindən biri, eyni zamanda Hugh Grant-ın ən mükəmməl aktyor oyunlarından birinə sahibdir.




2. Klass




Məktəblərdə yaşanan şiddətə işıq üzü tutan film, gənclərin nə qədər vəhşiləşə biləcəyi və davranışlarımızın daha həssas insanlar üzərində nə cür təsirlər qoya biləcəyi və bütün bunların sonda faciəvi nəticələrlə yekunlaşa biləcəyini xatırladan güclü bir dramdır. Mövzüya marağı olanlar "Elephant", "We Need to Talk About Kevin" və "Polytechnique" filmlərini də izləyə bilər.



1. The Breakfast Club (1985)





Oxuyan uşaq, populyar qız, populyar oğlan, asosial qız, avara oğlan – stereotipik məktəb tələbələri amma bir çoxları tərəfindən gənclik filmlərinin ən yaxşısı hesab edilən “The Breakfast Club” bizə bir mühüm məsələni xatırladır ki, əslində - filmdə istifadə olunan bir mahnıda deyildiyi kimi “nə qədər fərqli olsaq da dərinliyə enəndə hamımız eyniyik”. Sinfi fərqliliklər, ailələr, böyüdüyümüz yer bizi biri-birimizdən çox fərqli göstərə bilər amma stereotipləri dağıtmaq da bizim əlimizdədir. Kənardan kiminsə haqqında fikir söyləmək asandır amma nəticədə hamımız bir fərdik, heç birimizi bir kateqoriyaya aid edib ümümiləşdirmələrlə çıxış etmək olmaz. Hamının baxmalı olduğu filmlərdən.

Bonus:


Good Will Hunting (1997)



Əgər hələ də baxmayan qalıbsa.
Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa